Hər hekayə bizimlə başlayır!
- +99455 430 89 71
- salmanmumtazyayimlari@gmail.com
Kitabın adı: Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Qabalarımız
Redaktor: Prof. Nəsib Nəsibli
Korrektor: Zeynəb Əliqızı
Səhifələyici: Aytən Hüseynova
Üz qapaq dizaynı: Tamerlan İsmayılzadə
Nəşr ili: 2025
Səhifə sayı: 400
Üz qapağı: Yumşaq
Qiyməti: 15 AZN
Satış: Var
Şəxsiyyət, hadisə, tarixi dönəm və s. çoxtərəflidir; obyektiv dəyərləndirmək istəyiriksə, onun müsbət və mənfi tərəfləri ‒ xeyri və ya ziyanı ilə birlikdə dəyərləndirmək məcburiyyətindəyik. Bu fikrin davamı olaraq xeyir-şərin mahiyyətinə varmaq gərəkdir. Filankəs xalqını sevirdi, ya da siyasi-ideoloji düşüncəsi bunu tələb edirdi deyərək işin içindən çıxmaq mümkün deyil. Əgər bu filankəsin (məsələn, Dr. Nərimanovun) ölkəmizin bağımsızlığına mənfi münasibəti olubsa, milli dövlətimizə düşmən kəsilibsə, Osmanlı/Türkiyədən yardım tələbini milli maraqları satmaq sayıbsa, bütün rənglərdən olan Rusiya ilə strateji münasibətlər qurmağı tələb edibsə, bir sözlə, bu kimi həyati məsələlərdə yanlış duruş sərgiləyibsə, onun xalqını sevməsinin nə önəmi qalır? Üstəgəl, ikinci, üçüncü dərəcəli məsələlərdə bu siyasətçinin milli mövqedə durması, işin rəngini dəyişdirmir. Çin filosofu Sun Tsunun 2500 il əvvəl təsbit etdiyi kimi, “stratejidə uduzan adam taktikdə qalib gələ bilməz”. Beləliklə, bu tip qəhrəmanları yeri gəldi-gəlmədi müdafiə etmək cahillikdən başqa bir şey deyildir.
On beş suveren respublikanı bir ittifaqda birləşmiş ümumi dövlət sayan, tarix bilgisi zəif olan insanlarımız az deyildir. Azərbaycan Sovet Sosialist Respublikası adlı yerli idarəçi qurumunu ikinci respublika saymaq da bundan törəyən məntiq yoxsulluğudur. Sovet Azərbaycanının üzdə rəhbərlərinə (məsələn, Mircəfər Bağırova), gerçəkdə isə Moskvanın yerli canişinlərinə gözəlləmələr yazmaq da günümüzün acı həqiqətidir. Leon Halfin adlı bir tarixçi deyirdi: “Adam tarixini nə qədər yaxşı bilirsə, o qədər az onun qulu olur”.
Sovet dönəminin yanlış tarixçiliyinin saxta qəhrəmanlar siyahısına şübhə ilə yanaşan, amma son qərarını verməkdə çətinlik çəkən bəziləri: “Əvvəl dediyiniz gerçək qəhrəmanları xalqa tanıdın, sonra var olanları çıxdaş edərsiniz”, ‒ deyə son arqumenti ortaya atırlar. Bu yanaşmada bəlkə məntiq tapmaq mümkündür. Bununla belə gəlin razılaşaq ki, tarix bir bütündür, onu parçalayıb, bir-birindən təcrid edib dəyərləndirmək gerçəyin yarısını deməyə bərabərdir.